Azərbaycan Milli İncəsənət Muzeyinin yeni korpusu açılmışdır

 

Prezident İlham Əliyev açılışda iştirak etmişdir

 

 

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun açılışında iştirak etmişlər.                                 

Azərbaycanda muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus inkişaf yolu keçmişdir. Ölkəmizdə yaradılan ilk muzeylərdən biri olan Azərbaycan Milli İncəsənət Muzeyi paytaxtın mərkəzində XIX əsrin sonlarında inşa edilən ikimərtəbəli binada yerləşir. Burada ölkəmizin incəsənətinə aid əsərlərdən ibarət ekspozisiya və muzey fondları, eləcə də Azərbaycanın, Qərbi Avropanın, Rusiyanın  rəssam, heykəltəraş və digər incəsənət nümayəndələrinin əsərlərindən ibarət kolleksiyalar daim zənginləşir. Muzeydə ardıcıl olaraq elmi-tədqiqat və elmi bərpa işləri aparılır, kamera musiqisi konsertləri, yubiley mərasimləri təşkil olunur.

Azərbaycanda muzey işinin yaxşılaşdırılması xüsusi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 2007-ci il 6 mart tarixli sərəncamı milli mədəni sərvətlərimizin qorunması, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarlarının gələcək nəsillərə çatdırılması işində mühüm keyfiyyət dəyişikliyinə təkan vermişdir. Respublikamızda muzey şəbəkəsinin inkişafı və muzey işinin hərtərəfli yaxşılaşdırılmasına Heydər Əliyev Fondu da əvəzsiz töhfələr bəxş edir.

Azərbaycan Milli İncəsənət Muzeyinin yeni inşa olunan keçid korpusu bu sahəyə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğının növbəti əyani təzahürüdür.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına muzeyin yeni korpusu barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, yeni korpus Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə orijinal layihə əsasında inşa olunmuşdur. Əsaslı vəsait qoyuluşu hesabına tikinti işlərinə 2009-cu ildə başlanmışdır. İnşaat zamanı milli memarlıq ənənələri ilə müasir üslubun bir-birini üzvi şəkildə tamamlamasına xüsusi diqqət yetirilmişdir. Birinci mərtəbədəki fotostenddə tikintinin gedişi və inşaat işlərindən sonrakı vəziyyəti əks etdirən fotolar yerləşdirilmişdir.

Azərbaycan Milli İncəsənət Muzeyinin yeni korpusunun mükəmməl layihə əsasında inşa olunması ölkəmizdə həyata keçirilən yenidənqurma işlərinin geniş miqyasını və keyfiyyətini göstərir. Burada milli memarlıq elementləri ilə yanaşı, beynəlxalq təcrübədən də geniş istifadə olunmuşdur. İşıqlandırma sistemi də müasirliyi ilə diqqəti cəlb edir. Foyedə nümayiş etdirilən qədim Şamaxının Xınıslı yaşayış məntəqəsində aparılan arxeoloji qazıntılar zamanı tapılan, eramızın I-III əsrlərinə aid olan insan fiqurları Azərbaycanda heykəltəraşlığın çox qədim tarixə malik olduğunu sübut edir. Laçın rayonundan tapılan at formalı məzar daşı isə eramızın XVI əsrinə aiddir. Buradakı artköşk də muzeyə gələnlərin böyük marağına səbəb olacaqdır. Satış üçün nəzərdə tutulan, bir neçə dildə yazılan və müxtəlif mövzuları əhatə edən suvenir kitablar da maraq doğurur. Yeni korpusun metal fondunda qiymətli metallardan hazırlanmış müxtəlif incəsənət nümunələri saxlanılır. Buradakı rəngkarlıq bölməsində Azərbaycan, Qərbi Avropa, Rusiya və Şərq rəssamlarının  müxtəlif dövrlərə aid 3000-dən çox nəfis sənət incisi mühafizə olunur. Qrafika fondundakı sayı 6000-ə çatan yüksək sənət nümunələri də Azərbaycan, Qərbi Avropa və Rusiya rəssamlarına məxsusdur. Bu fondlarda Finlandiya istehsalı olan ən müasir avadanlıq quraşdırılmışdır.

Yeni korpusun ikinci mərtəbəsində heykəltəraşlar Ömər Eldarov, Kamal Ələkbərov və Cəlal Qaryağdının bir sıra maraqlı əsərləri nümayiş etdirilir. Sərgi salonundakı eksponatlar da yüksək peşəkarlıq nümunələridir. Tanınmış heykəltəraşlar Fuad Əbdürrəhmanov, Mirəli Mirqasımov, Ömər Eldarov, Cəlal Qaryağdı, Tokay Məmmədov və Sobsay Pinxosun portret və digər janrlarda əsərləri tamaşaçıda dərin təəssürat yaradır. Korpusun tavanı təkrarsız görkəmi ilə diqqəti cəlb edir. Yeni korpusda təbii işıqlandırma sistemi yaradılmışdır. 70-80 nəfərlik akt salonunda da istənilən tədbirin keçirilməsi üçün hərtərəfli şərait vardır. Burada ən müasir proyeksiya avadanlığı da quraşdırılmışdır.

Dövlət başçısı və xanımına muzeyin ekspozisiyasının müxtəlif bölmələrində yerləşən eksponatlar barədə məlumat verildi. Muzeydə dünya bədii irsində görkəmli yerlərdən birini tutan Azərbaycan incəsənəti zəngin kolleksiya ilə təmsil olunmuşdur. Qobustanın qayaüstü rəsmləri, Mingəçevirin zoomorf qabları, milli miniatür rəssamlıq əsərləri, çeşidli, bənzərsiz xalçalar, keramika və bədii metal nümunələri Azərbaycan incəsənətinin  qədimliyinin və misilsiz bədii dəyərinin əyani sübutudur. Buradakı daş kitabələrin hər biri qədim tariximizin öyrənilməsi baxımından tutarlı mənbədir. Muzeydəki orta əsrlərə aid dekorativ incəsənət nümunələri də böyük maraq doğurur. Vaxtilə Bakı, Gəncə, Şamaxı, Şəki tacirlərinin Qərbi Avropa bazarlarına çıxardıqları iri xalça dəstləri geniş şöhrət qazanmışdı. Ənənəvi olaraq Azərbaycanda xovlu və xovsuz xalçalar - kilim, palaz, vərni, zili, sumax və s. toxunurdu. Muzeydə bədii tikmələr, ağac üzərində oymalar, zərgərlik nümunələri, misgərlərin döymə, həndəsi və nəbati   naxışlarla bəzədikləri metal məmulatları və digər çoxsaylı dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilir. Azərbaycanın müxtəlif regionlarına aid tikmələrlə bəzədilən geyimlərə də muzeyin ekspozisiyasında geniş yer verilmişdir. Azərbaycan döyüşçülərinin geyimləri də böyük maraq doğurur. Burada təsviri sənət nümunələri də geniş yer almışdır.

Muzeydə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə sərgi təşkil olunmuşdur. Ümummilli liderin 1998-ci ildə yaradılan əzəmətli portreti diqqəti xüsusi çəkir. Ulu öndərin Azərbaycanın mədəniyyəti, incəsənətinə hərtərəfli diqqət və qayğısını əks etdirən eksponatlar da böyük maraq doğurur.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva  Səttar Bəhlulzadə, Tağı Tağıyev, Nadir Əbdürrəhmanov, Xalidə Səfərova, Baba Əliyev, Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə, Tahir Salahov və digər görkəmli rəssamların kətan üzərində yağlı boya ilə çəkdikləri rəsm əsərlərinə baxdılar. Muzeyin ekspozisiyasının buradakı bölmələrində Azərbaycan ilə yanaşı, Qərbi Avropa və Rusiyanın tanınmış rəssam və heykəltəraşlarının müxtəlif əsərləri də yer almışdır.

Bu il Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi, 9 ünvanında yerləşən digər korpusunda əsaslı yenidənqurma, təmir və bərpa işlərinə başlanacaqdır.

Yeni korpusla tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi və muzeyin kollektivinə uğurlar arzuladı.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 8 iyun.- S.5.